11:00, 18 Sentyabr 2018 (Çərşənbə axşamı) 191

Tikintiyə icazə qaydalarına dəyişiklik edilib

Tikintiyə icazə qaydalarına dəyişiklik edilib
Prezident İlham Əliyev şəhərsalma fəaliyyətinin tənzimlənməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, yerli icra hakimiyyəti orqanları tikintiyə layihənin şəhərsalma sənədlərinə uyğunluğu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda icazə verə bilər.

Yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir.

Sentyabrın 17-də imzalanan fərmana görə, Nazirlər Kabineti tikintisinə icazə tələb olunan binaların tikinti layihələrinin memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması mexanizmi ilə bağlı təkliflərini üç ay müddətində hazırlamalıdır.

Prezidentin 1 avqust 2018-ci il fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib. Həmin sənədə əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyində verildiyi hallar istisna olmaqla) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.