18:32, 06 Fevral 2019 (Çərşənbə) 519

Qiyas İbrahimovun anası: "Oğluma qarşı təxribat hazırlanır"

Qiyas İbrahimovun anası:
"Cəzaçəkmə müəssisəsində oğluma qarşı təxribat hazırlanır, ona töhmət verilib".

Bunu hazırda həbsdə olan fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova "Facebook" hesabında yazıb.

O, fevralın 6-da oğlu ilə telefonla danışıb.

Ş.Əmiraslanovanın sözlərinə görə, Q.İbrahimov bildirib ki,rəis müavini Şakir Qəniyev baraka gələrək ona aid əşyaları yoxlayıb və çarpayısının səliqəsiz olduğunu deyib.

"Mənimlə birgə 7 nəfəri 6 saat ayaqüstə saxlayıblar,bununla da dustaqlarla mənim aramda narazılıq yaratmağa çalışırlar", - Q. İbrahimov bildirib.

Ş.Əmiraslanova əlavə edib ki, telefon nəzarətçisi Qiyası İbrahimovu nələrsə yazıb bayıra ötürməklə ittiham edib: "Telefon nəzarətçisi mənə dedi ki, sən nəzarətdəsən, ciblərini yoxlayacam,sən nələırsə yazıb telefonla bayıra çıxarırsan. Mənsə cibimdə heç bir çey olmadığını və həbsxananın qayda-qanunlarına tam riayət etdiyimi dedim".

Q. İbrahimiv anasına deyib ki, əgər mənim cibimdən,yatağımdan, əşyalarımın arasından hər hansı silah,narkotik vasitə və s. çıxsa, bu, birbaşa rəhbərliyin işidir.

Ş.Əmiraslanova bu təzyiqlərin oğlunun 2 gün əvvəl Meydan Tv-də  yayımlanmış yazısı ilə bağlı olduğunu qeyd edib.

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıb. 

Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. 

Onların hazırkı dövlət başçısı İlham Əliyevin atası, keçmiş prezident Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs edildikləri iddia olunur.

"Amnesty International" təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Ancaq hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir.

2017-ci il iyulun 13-də Q.İbrahimov və atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə əlavə ittiham elan olunub. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb. 

Həmin il dekabrın 18-də Yasamal Rayon Məhkəməsi H.İbrahimovu aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edib. Q.İbrahimovun cəzası isə daha 3 ay artırılıb.

Pərvanə Qurbanlı
Toplum Tv