11:17, 09 Yanvar 2019 (Çərşənbə) 429

Pensiya artımı və detalları

Pensiya artımı və detalları
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, yanvar ayı ərzində əmək pensiyalarının artırılması təmin ediləcək.
 
Qanunvericilik əmək pensiyalarının ildə bir dəfə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilməsini nəzərdə tutur. Proses Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunacaq rəsmi bilgi – 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsas götürülməklə həyata keçiriləcək. Pensiyaların 2019-cu il yanvarın 1-nə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

İlkin məlumata əsasən, ölkədə pensiyaçıların sayı 1,3 milyon nəfərdir və artım onların təxminən 94 faizinə şamil olunacaq. Qalan pensiyaçıların (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, deputatlar və s.) pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir.

Bu ay ərzində sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılması gözlənir.

Dövlət Statistika Komitəsi 2017-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 5,7 faiz artdığını açıqlayıb. Ötən il yanvarın 1-dən pensiyalar bir o qədər artırılıb. 2018-ci ilin yanvar-oktyabr ayları üzrə hesabatda nominal əməkhaqqının orta illik artım tempi 2,8 faiz göstərilib.

Novator.az