00:11, 17 Noyabr 2018 (Şənbə) 320

Orta məktəblərdə təhsil necə olmalıdır: ödənişli, yoxsa?..

Orta məktəblərdə təhsil necə olmalıdır: ödənişli, yoxsa?..
Azərbaycanda ümumtəhsil məktəbləri bəzi təhsil proqramlarını bundan sonra pullu təşkil edə biləcəklər. 

Nazirlər Kabineti "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə bununla bağlı əlavələr edib. Əlavələr noyabrin 13-də açıqlanıb.  

Nizamnamənin 1.6-cı maddəsinə görə, "Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta məktəb pulsuzdur”.

Həmin maddə aşağıdakı mətnlə dəyişdirilib: ""Təhsil haqqında” Qanuna uyğun olaraq dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri  dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər”.

Bəs beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının ödənişli əsaslarla təşkil edilməsi nə deməkdir?

Bu qərar bütün orta ümumtəhsil məktəblərinə də mi şamil olunacaq?

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Asim Mollazadə Toplum.tv-yə bildirib ki, əgər bu dəyişiklik imkansız ailələr üçün sosial və psixoloji gərginliklər yaratmayacaqsa yeni dəyişikliyi normal qarşılamaq olar: "Məsələyə birmənalı yanaşmaq çətindir.  Təbii ki, məktəblərdə keçirilən tədris proqramından başqa  əlavə dərslərin keçirilməsi imkanına normal yanaşıram. Düşünürəm ki, hansısa əlavə ödənişli tədris proqramının keçirilməsində problem yoxdur. Sadəcə, dərs proqramlarını, xüsusilə də ödənişsiz dərs proqramlarının yüksək səviyyədə keçirilməsini nəzarət altında saxlamaq lazımdır. Həmçinin elə olmalıdır ki, burada sosial problem yaranmasın. Yaxşı olardı ki, əlavə vəsaitlər tələb olunan proqramlardan məhz özəl məktəblərdə imkanlı ailələrin uşaqları  fayda götürə bilsin.  Çünki ümumi məktəblərdə hansısa bir sosial problemin  yaranmasını istəməzdim. Yəni bu,  imkansız ailələrə əlavə tədris üçün imkanlarının məhdudlaşdırılması deməkdir.  Bu dəyişikliyin  necə icra edilməsini gözləmək lazımdır. Hələki qiymət vermək çətindir”.

Deputat düşünür ki, yeni qərar sadəcə,hansısa orta məktəbin əlavə tədris proqramını keçmək istəməsinə imkan yaradır: "Bu qərar imkan yaradır ki, məktəblərdə kənardan cəlb olunan və əlavə xərcləri tələb edən tədris proqramını həyata keçirsin”.

Təhsil eksperti  Kamran Əsədov Toplum.tv-yə bildirib ki, orta məktəblərdə maliyyələşmə təkcə valideynlərin ödəniş etməsi kimi nəzərdə tutulmur: "İlk növbədə qeyd edim ki, hazırda ölkədə fəaliyyət göstərən 4500 orta məktəbin hər biri dövlət büdcəsinin vəsaiti hesabına işləyir. Onların əlavə maliyyə dəstəyi və maliyyələşdirilməsi yoxdur. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, dövlət pulsuz təhsil verməyi öz üzərinə götürüb. Nizamnamədə  başqa formada maliyyələşmədən  söhbət getmir. Yəni hər bir məktəb xidmət göstərməlidir. Bu gün təkcə Bakı şəhəri üzrə 700-dən çox hazırlıq kursu, tədris mərkəzi və sayı heç də 10000-dən az olmayan bu kimi fəalyyət və fənnlərdən repetitor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşdirilmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyirlər, həm də gəlir əldə edirlər”.

Ekspert deyir ki, hər bir məktəbin qanuni əsaslarla  böyük məbləğdə gəlir əldə etmək imkanı var: "Məktəbin binası və infrasutrukturunu dərsdən sonra geniş şəkildə istifadə etmək olar. Belə ki, məktəbdə rəqs dərsləri , şahmat dərsləri keçirmək olar. Bununla yanaşı rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən gəlirini artırmaq imkanlarına malikdir. Məktəblərdə  treninqlər, təlimlər keçirilə bilər ki, bundan da böyük həcmdə vəsaitin əldə edilməsi mümkündür".

Onun sözlərinə görə, dəyişikliklərə uyğun olaraq orta məktəblərdə idarəçiliyi təşkil edəcək mütəxəssislər yox səviyyəsindədir: "Hazırda orta məktəblərdə bir sıra ödənişli proqramlar tətbiq edilir. Düşünürəm ki, bu dəyişikliklərdən sonra məktəblərin publik hüquqi şəxsə çevrilməsini də görə biləcəyik.  Hesab edirəm ki, ilk növbədə tələb olunan səviyyədə idarəetmə bacarığına malik olan direktorlar hazırladıqdan sonra bu yeniliyi tətbiq etmək lazımdır. Əks halda ciddi problemlər yarada bilər”.

Təhsil eksperti Nabatəli Qulamoğlu bildirir ki, müqavilə əsasında göstərilən istənilən təhsil xidməti qanunidir:

"Bu dəyişikliyə əsasən beynəlxalq proqramlar əsasında təhsil xidmətinin göstərilməsi nəzərdə tutulur.  Hüquqi baxımdan normaldır. Məqsəd Avropa təhsil sisteminə inteqrasiya etmək üçündür. Amma ümumtəhsil məktəblərində belə xidmət göstərmək imkanı varmı? Bax, bu, sual olaraq qalır”.

Samirə Əliyeva