15:50, 15 Noyabr 2018 (Cümə axşamı) 258

"Ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı məktəblərin sayı ilə uzlaşmır" - MÜSAHİBƏ

Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə bəzi dəyişikliklər edib.

Yeni qərarları nəzərə alaraq, Toplum.tv  Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Sona Əliyeva ilə müsahibə edib.

Müsahibədə yeni qərarlar, inkluziv təhsil və məktəbbəqədər təhsil sistemi ilə bağlı mövzular müzakirə edilib.

- Sona xanım,  Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə bəzi dəyişikliklər edib. Dəyişikliklərdə xüsusi məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbul qaydaları  və yaş həddi ilə bağlı dəyişiklik əlavə edilib. Yeni qərarların nə kimi əsası var?

-  Əvvəla qeyd etmək istəyirəm ki, "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" Nazirlər Kabineti tərəfindən 2012-ci ildə təsdiq olunub. Burada məktəbəqədər təhsil müəssisəsinin strukturu və növləri ilə bağlı ayrıca maddə yerləşir. Həmin bəndlərdə məktəbəqədər təhsil müəssisəsinin növləri və bu müəssisələrdəki təşkil olunan qruplar göstərilir. Burada körpələr, orta, böyük qrupa, qarışıq və məktəbə hazırlıq qrupuna daxil olan uşaqların yaş kriteriyası təqdim olunur. Məktəbəqədər təhsil müəssisəsinin növlərinə görə,  körpələr evinə yalnız körpə uşaqlar; körpələr evi-uşaq bağçası qrupuna həm körpələr, həm də 3-6 yaşadək uşaqlar; uşaq bağçalarına yalnız 3-6 yaşadək, xüsusi uşaq bağçalarına isə yalnız sağlamlıq məhdudiyyətli olan 1-7 yaşadək olan uşaqlar cəlb olunur. 

Qeyd edim ki, xüsusi məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqlar sağlam uşaqlarla birgə təhsil ala bilmir. Ona görə ki belə təhsil müəssisələrində oxuyan uşaqlar görmə, eşitmə məhdudiyyətli, əqli pozuntuları olan və bu kimi digər problemləri olan uşaqlar təhsil alır. Həmçinin vərəm infeksiyası olan uşaqlar üçün sanator tipli uşaq bağçaları fəaliyyət göstərir. Sadəcə,  "Məktəbəqədər təhsil qanunu" hazırlananda mövcud hüquqi bazadan istifadə olunmuş, daha sistemli və əhatəli qanun layihəsi hazırlanmışdır. Ona görə də yeni qərarlarda qeyri-adi dəyişiklik yoxdur. "Dəyişikliklər nə üçün lazımdır?” sualına gəldikdə isə bildiyimiz kimi, Azərbaycanda artıq şagird-məzun sistemi var. Ölkədə bütün ümumorta təhsil bazasında olan uşaqlar haqqında ümumi məlumat elektron sistemə yerləşdirilib. Həmçinin məktəbəqədər uşaqlar üçün  məktəbəqədər təhsillə bağlı eyni sistem yaradılıb. Bu uşaqlarla da bağlı bütün məlumatlar elektron sistemə yerləşdiriləcək.

- Dəyişiklikdə məktəbəqədər müəssisələrə 1-7 yaşadək uşaqların qəbul edilməsi göstərilir. Bəs bu yaş kriteriyası orta məktəblərdə uşaqlar üçün problem yaratmayacaq? 

- Bu dəyişiklik yalnız xüsusi məktəbəqədər və sanator tipli təhsil müəssisələri üçün nəzərdə tutulub. Təbii ki, burada oxuyan uşaqların sağlamlıq imkanları məhdud olduğuna görə, yaş məsələsində də fərq var. Bu dəyişiklik, adi məktəbəqədər təhsil müəssisələri üçün nəzərdə tutulmayıb.

- Sona xanım, qeyd etdiyiniz kimi dəyişikliklərdə sanator tipli uşaq müəssisələri ilə bağlı bənd də var. Ümumiyyətlə, bu cür müəssisələrin Azərbaycanda fəaliyyəti varmı?

-  Sanator tipli uşaq bağçaları yeni yaradılmayıb. Ölkədə sanator tipli müəssisələr əsasən  vərəmə yoluxan uşaqlar üçündür. Yəni vərəm xəstəliyi olan, yaxud valideynləri vərəm olan uşaqların onlardan ayrı qalması üçün nəzərdə tutulan sanator tipli müəssisələr var ki, bunlar yeni yaradılmayıb. Sadəcə olaraq, qanun yaradıcılıq prosesində bu məsələlər daha sistematik şəkildə verilib. Ümumilikdə,  qanunverici bazanın təkmilləşdirilməsi məqsədilə qanunlara da bununla bağlı əlavə dəyişikliklər edilir.

- Məktəbəhazırlıq qruplarının uşaq bağçalarında təşkil edilməsi qanuna ziddirmi? 

- Bəzən  qarışıq salırlar ki, 5-6 yaşlı uşaqlar mütləq orta məktəblərdə məktəbə hazırlıq qruplarına cəlb olunmalıdır.  Nəzərinizə çatdırım ki, məktəbə hazırlıq qruplarına məktəbəqədər uşaqların cəlb olunması ilə bağlı "Məktəbəqədər təhsil qanunu"nda göstərilir ki, belə qruplar həm orta məktəblərdə, həm körpələr evi-uşaq bağçaları və uşaq bağçalarında da təşkil oluna bilər. Hansı ki orada məktəbə hazırlıq qrupları var. Yəni bunu qanun qadağan etmir ki, mütləq şəkildə orta məktəblərdə təşkil olunmalıdır. Sadəcə, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı ümumtəhsil məktəblərinin sayı ilə uzlaşmır. Ölkədə məktəbəqədər təhsillə təmin olunan uşaqların sayı 20 faizdən çoxdur. Amma Azərbaycandakı bütün uşaqlar icbari təhsilə cəlb olunur. Bununla bağlı belə bir addım atıldı ki, məktəbəqədər hazırlıq qrupları həm də orta məktəblərdə təşkil olunsun. Çünki orta məktəbə gedəcək uşaqların hamısı belə hazırlıq qruplarına cəlb olunarsa, orta məktəblərdə təhsil almağa başlayarkən çətinlik çəkməyəcəklər. Hesab edirəm ki, bu addım zamanında atılmış bir addım idi.

- Hansı hallarda inkluziv uşaqlar ümumorta təhsil məktəblərində təhsil ala bilərlər?

- Adətən, sağlamlıq imkanları məhdud olan uşaqlar, hansı ki onlar xüsusi məktəbəqədər təhsil müəssisələrində, xüsusi məktəblərdə təhsil alırlar, ağır anomaliyaları olan uşaqlardır. Məsələn, görmə və eşitmə məhdudiyyəti olan uşaqlar adi uşaqlarla orta məktəblərdə təhsil ala bilmir. Həmçinin buna xüsusi xəstəlikləri olan uşaqlar, məsələn böyrək, ürək çatışmazlığından əziyyət çəkən uşaqlar da daxil edilir. Ancaq mövcud təlimat və qaydalara uyğun olaraq, qismən fiziki məhdudiyyətli olan uşaqlar orta məktəblərdə inkluziv təhsilə cəlb oluna bilərlər. Bəzi uşaqlar da var ki, müəyyən müddətdən sonra orta məktəbə cəlb olunur. Məsələn, bir müddət ev şəraitində ibtidai təhsili  aldıqdan sonra məktəbə qayıdırlar. 

- Xüsusi məktəbəqədər təhsil müəssisələrində uşaqlar xəstəliklərinə görə qruplara bölünür, ya ümumi şəkildə dərslər tədris olunur?

- Burada uşaqlar xəstəliklərin dərəcəsinə görə qruplaşdırılır. Elə qruplar var ki, orada 2-8 arası, 4-8 arası uşaqlar olur. Yəni kiçik qruplara bölünür və 10 nəfəri belə keçən qruplar olmur. Bu uşaqların xüsusi təhsil proqramları var və belə uşaqlara xüsusi yanaşma tələb edilir.

-  Bəs adi uşaqlar 1 yaşından etibarən bağçalara götürülə bilərmi?

- Bəli. Əgər körpələr evi və ya körpələr evi-uşaq bağçasıdırsa götürülə bilər. Bəzi bölgələrdə, məsələn Şəmkir rayonunda 1-3 yaş arası uşaqlar üçün nəzərdə tutulan bağçalar yoxdur. Adətən, bütün bölgələrdə qarışıq, böyük və məktəbə hazırlıq qrupları olur. Amma şəhərlərdə 5 və ya 6 günlük olmaqla 6, 9, 12, hətta 24 saatlıq fəaliyyət göstərən uşaq bağçaları da var.

Samirə Əliyeva
Toplum Tv