15:30, 07 Fevral 2019 (Cümə axşamı) 164

Koçaryan həbsdə qalıb

Koçaryan həbsdə qalıb


/ DÜNYA
Fevralın 7-də Ermənistanın Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın şikayəti üzrə prosesi yekunlaşdırıb. 

Novator.az-ın məlumatına görə, şikayət rədd olunub, keçmiş dövlət başçısının həbsdə qalmasına qərar verilib.

Xüsusi İstintaq Xidməti 1 mart 2008-ci il qırğınının istintaqına cəlb etdiyi Robert Koçaryana ötən il iyulun 26-da cinayət işi qaldırıb. O, bir qrup şəxslə qabaqcadan əlbir olmaqla dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.

Paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Koçaryanın 2 ay müddətinə həbsinə qərar verib, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirib sabiq prezidenti azadlığa buraxıb. Kassasiya Məhkəməsi Baş Prokurorluğun etirazını nəzərə alaraq noyabrın 15-də işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərib, Ermənistanın Apelyasiya Məhkəməsi dekabrın 7-də Robert Koçaryanın həbsinə qərar verib. Sabiq prezident Yerevandakı "Kentron” cinayət-icra müəssisəsində saxlanır.

Bu il yanvarın 18-də paytaxtın Şenqavit rayonundakı birinci instansiya məhkəməsi Robert Köçəryanla bağlı iki vəsatətdən birini təmin edib. Xüsusi İstintaq Xidmətinin vəsatətini nəzərə alan məhkəmə R.Koçaryanın həbs müddətini iki ay uzadıb. Vəkillərin sabiq prezidenti pul girovu müqabilində azadlığa buraxmaq vəsatəti rədd olunub. Sabiq prezidentin müdafiəçiləri apelyasiya instansiyasına bu qərarın ləğvi üçün üz tutmuşdular.

Koçaryan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildən Ermənistanın baş naziri olub, 1998 və 2003-cü illərdə prezident seçilib.

2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət baş nazir Serj Sarkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2018-ci ildə hakimiyyətə Nikol Paşinyan gəldikdən sonra bu iş üzrə istintaq yenilənib.

2008-ci ildə müdafiə nazirinin müavini vəzifəsini tutmuş general-polkovnik Yuri Xaçaturov məsuliyyətə cəlb olunaraq pul girovu müqabilində azadlığa buraxılıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsindən geri çağırılıb.

2007-2008-ci illərdə Ermənistanın müdafiə naziri olmuş general-polkovnik Mikael Arutunyan isə axtarışdadır. O, Rusiyanın paytaxtı Moskvada yaşayır.

1 mart 2018-ci il qırğını zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş, 2008-2016-cı illərdə müdafiə naziri postunu tutmuş general-polkovnik Seyran Ohanyana da ittiham irəli sürülüb. Seyran Ohanyandan Ermənistanı tərk etməmək iltizamı alınıb.