11:55, 08 Yanvar 2019 (Çərşənbə axşamı) 1114

Emin Hüseynov: “Mehman aclığı dayandırmayıb"

Emin Hüseynov: “Mehman aclığı dayandırmayıb
"Bloger Mehman Hüseynovun aclığı dayandıraraq su və qida qəbul etməsi barədə dövlət orqanları nümayəndələrinin bəyanatları həqiqətəuyğun deyil".

 Bu barədə Turan İnformasiya Agentliyinə onun qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib.

E.Hüseynovun sözlərinə görə, M.Hüseynov ona qarşı yeni uydurma cinayət işinə etiraz olaraq dekabrın 26-da başladığı aclığı davam etdirir.

Bu müddətdə blogerə ancaq bir sovqat gəlib, onu da kamera yoldaşlarına verib.

"Mehman qida qəbul etməsilə bağlı spekulyasiyalardan qaçmaq üçün ona yemək gətirilməməsini xahiş edib. Onun süd və qatığa ehtiyacı var. Bunu bizim xaricdə məsləhətləşdiyimiz həkimlər tövsiyə ediblər. Məsələ bundadır ki, Mehmanda varikoz damar genişlənməsi var və dekabrın 30-dək keçirdiyi quru aclıq onda kəskin kalsium çatışmazlığına səbəb olub. Süd məhsulları kalsium çatışmazlığını doldurmaqdan ötrü qan damarlarının partlamasına yol verməmək üçün lazımdır. Mehman uzunmüddətli aclıq edə bilməkdən ötrü orqanizmin immunitetini saxlaması üçün portağal, ya da nar suyu gətirməyi xahiş edib. O, həbsxana həkimlərinə və ona vurulan iynələrə etibar etmir", - E.Hüseynov deyib.

O qeyd edib ki, əgər maneçilik törətməsələr, atası çərşənbə axşamı və ya çərşənbə günü təcridxanada oğlu ilə görüşəcək.

E.Hüseynovun sözlərinə görə, RATİ beynəlxalq təşkilatları, ilk növbədə Beynəlxalq Qırmızı Xaç Komitəsini Bakı 1 saylı İstintaq Təcridxanasında Mehman Hüseynova təcili baş çəkməyə çağırıb.

Bloger Mehman Hüseynov 2017-ci il martın 3-də polisə böhtan atmaqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib.

Cəzası bu ilin martında başa çatmalıdır.

Amma Ədliyyə Nazirliyinin Penitensiar Xidməti dekabrın 26-da ona qarşı yeni cinayət işi açılması barədə məlumat yayıb.

Bu dəfə o, həbsxana zabitinin tələblərinə tabe olmamaqda və ona qarşı zor tətbiq etməkdə ittiham olunur.

Bloger bütün ittihamları rədd edir və həbsinin siyasi motivli, fəaliyyətilə bağlı olduğunu deyir.

Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi və ya ictimai fəaliyyətinə görə həbs olunmadığını bildirir.

Mehman Hüseynov ona qarşı açılan yeni cinayət işinə, göstərilən təzyiqə və yanına vəkil buraxılmamasına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlamışdı.