17:42, 10 Yanvar 2019 (Cümə axşamı) 830

"Əlil olsam da, mənim üçün döyüş hələ bitməyib" - REPORTAJ

Qarabağ qazisi, 52 yaşlı Eldəniz Abbasov 5 ildir döyüş yoldaşlarının xatirəsinə abidə tikir. 

Qarabağdakı savaşdan uzaqda, Bakıda belə bir guşə yaratmaq onun üçün təkcə dostlarının adını yaşatmaq deyil, həm də bir vəfa borcudur.

İki uşaq atası Eldəniz Abbasov deyir ki, abidəni əlillik pensiyası və dayanacaqlardan qazandığı pulla inşa edir.

Qarabağ qazisi əslən Ağdam rayonudan olsa da, Bakıda doğulub, məktəbi də elə burada bitirib. 

O, 1991-ci ildə ilk könüllü taborlar hesab olunan 864-cu tabora qoşulub və müharibəyə yollanıb.

" Analarının meyidləri yanında ağlayan uşaqları ermənilər vəhşicəsinə öldürürdülər...”

Eldəniz Abbasov  Xocalı istiqamətində gedən döyüşlər zamanı yaralandığını deyir: "Qaraqaya adlı ərazidə döyüş yoldaşım, Milli Qəhrəman Canpolad Rzayevlə birlikdə yaralandıq. Canpolad qarnından vurulmuşdu, elə oradaca şəhid oldu. Mən isə yaralı halda qarlı, çovğunlu havada meşədə sürünməyə məcbur qaldım. Xanabad yolunda gördüyümü isə heç vaxt unutmaram. Orda analarının meyidləri yanında ağlayan uşaqları ermənilər vəhşicəsinə öldürürdülər”.


"Bu abidəni hələ müharibə vaxtında şəhid yoldaşlarımın xatirəsinə ucaldacağıma söz verdim...”
 
Eldəniz Abbasov yaxın 5 il ərzində abidəni bitirmək istəyir: "Abidəni yaratmaq fikri hələ müharibədə olarkən vardı. Orada bütün döyüş yoldaşlarımın içində söz verdim ki, əgər sağ qalsam, bütün yoldaşlarımın xatirəsinə abidə inşa edəcəyəm.  Artıq 5 ildir abidəni inşa etməyə başlamışam. Yaxın 5 ildə də bitirməyi düşünürəm. Abidənin inşasının yavaş irəlilədiyini deyənlər də az deyil. Amma nəzərə almalıdırlar ki, bu abidəni inşa edərkən heç kimdən yardım istəməmişəm”.

Eldəniz Abbasov deyir ki, yardım etmək istəyən olanda onlara sadəcə gül ala biləcəklərini bildirir: "Abidənin inşasına başladığım gündən etibarən o qədər çətinliklərlə qarşılaşmışam ki, artıq öyrəşmişəm. İlk vaxtlar burda "moyka” tikmək istəyirdilər. Amma uzun çəkişmələrdən sonra bu fikirlərini dəyişdirə bildim. Sonralar bu abidənin qarşısındakı ərazidə aptek, bir də market tikmək üçün çalışdılar, yenə də icazə vermədim. O əraziyə gül-çiçək əkdim, uşaqların idman etmələri üçün meydança düzəltdim. Sonradan yenə bu yerlə bağlı şikayətlər olurdu”.

"Bura qəbirsanlıqdı, uşaqlarımız qorxur”

Eldəniz Abbasovun abidəni yaradarkən qarşılaşdığı çətinliklərdən biri də qonşuların narazılığıdır: "Qonşular mənim haqqımda deyirdilər ki, bu adam dəlidir, şəkillərlə danışır. Məni şikayət edənlərin kimliyini biləndə isə çox məyus oldum. Deyirdilər, bura qəbiristanlıqdı, uşaqlarımız qorxur. Bəzən telekanallardan çəkilişə gəlirlər. Ziyarətçilər arasında xarici turistlər də olur. Gələnlər arasında Milli Qəhrəmanlar Cəmiyyətindən, Yəhudi diasporasından, döyüş yoldaşlarım və məktəblilər də olur. Hətta yoldan keçən gəlin maşını belə saxlayıb şəkil çəkdirir”.

"Onlar özlərinə qəhrəman demirsə, mən necə deyə bilərəm?!”

Eldəniz Abbasov deyir ki, bu yaxınlarda döyüş yoldaşı olmuş Milli Qəhrəman Albert Aqarunovun qardaşı Rantik Aqarunov da abidəni görmək üçün gəlib: "Nə qədər əlil olsam da, mənim üçün döyüş hələ bitməyib. Mənə qəhrəmanlıq göstərdiyimi, vətən üçün borcumu ödədiyimi desələr də, heç vaxt bu fikirlə razılaşmıram. Döyüş yoldaşlarımdan sağ qalanlar, qolunu, gözünü itirənlər özlərinə qəhrəman demirsə, mən necə deyə bilərəm?! Şəhid qəhrəmanlar unudulmur. Onlar dövlətimizin qüdrəti, xalqımızın iftixarıdır”.

Lalə Tağızadə
Əbülfət Baxşəliyev
Toplum.Tv