16:15, 19 Sentyabr 2018 (Çərşənbə) 214

"Daş yuxular"ın müəllifi baş prokurora müraciət edib

"Artıq 2 ildən çoxdur ki, mən ölkədən çıxmaq hüququndan məhrum edilmişəm. Hətta ölkə daxilində də azad hərəkət etməyə hüquqi ixtiyarım yoxdur. Şəxsiyyət vəsiqəm prokurorluqda saxlanıldığından bir sıra məişət çətinlikləri ilə üz-üzə qalmışam".

2 il əvvəl barəsində cinayət işi açılan yazıçı Əkrəm Əylisli baş prokuror Zakir Qaralova müraciətində belə yazır.

81 yaşın içində olduğunu vurğulayan yazıçı sağlıq problemlərindən bəhs edib.

"Bu yaşda öz sağlamlığı ilə öyünmək, təəssüf ki, yalnız nadir adamlara nəsib olur. Kəskin xroniki bronxitdən, ürək və qaraciyər xəstəliyindən illərdir ki, ciddi əziyyət çəkirəm. Ölkədən çıxmağıma qadağa qoyulması səhhətimin mümkün kritik məqamında hər hansı ölkəyə getməyimi bəri başdan əngəlləyir və xüsusən yay aylarında sağlıq durumumu ağır sınaqlar qarşısında qoyur", - müraciətdə yazılır.

Ə.Əylisli yazır ki, barəsində açılmış cinayət işinin "gizlin" motivlərini bir daha açıb-ağartmağı lazım bilmir.

"Hava limanının polis idarəsinin sərhəd xidməti əməkdaşının şikayəti əsasında tərtib etdiyi, hazırda Bakı Şəhər Prokurorluğunun sərəncamında olan istintaq materiallarına vaxt tapıb nəzər yetirsəniz, burada mənə qarşı irəli sürülən ittihamın nə dərəcədə əsassız, məntiqsiz və məzmunsuz olduğuna yəqin ki, özünüz də inanarsınız", - yazıçı qeyd edir.

Ə.Əylisli baş prokurordan xahiş edib ki, yaşını, sağlıq durumunu, cinayətin olmadığını nəzərə alsın, işə xitam verilməsi barədə tədbir görsün.

Yazıçının bu müraciətinə Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb

Yazıçı Ə.Əylisli 2016-cı ilin martında İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanmışdı.

Rəsmi orqanlar onun buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığından saxlandığını demişdilər. Ancaq yazıçı münaqişə yaratmasıyla bağlı iddiaları qəti rədd etmişdi.

Sərbəst buraxılan yazıçıya sonradan xuliqanlığa görə cinayət işi açılmış, ardınca o, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunmuşdu. Yazıçıya ittihamlar təsdiqlənərsə, o, 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Hələ 5 il əvvəl yazıçının "Daş yuxular" əsəri bəzi dairələrdə narazılıqla qarşılanmışdı. Xüsusilə hökumət və hakimiyyətə yaxın kütləvi informasiya vasitələrində yazıçıya qarşı kampaniya aparılmışdı, o, Azərbaycana xəyanətdə günahlandırılmışdı.

Azadlıq Radiosu