16:29, 19 Sentyabr 2018 (Çərşənbə) 331

Bank işçiləri çoxalıb

Bank işçiləri çoxalıb
Sentyabrın əvvəlinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28 mlrd. 127.1 mln. manat, kredit portfeli 11 mlrd. 905.5 mln. manat olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni açıqlanmış məlumatlarına görə, bank sektorunun cəmi öhdəlikləri isə 24 mlrd. 77.5 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4 mlrd. 49.6 mln. manat olub.

Avqust ayında bank sektorunun aktivlərinin 0.7, öhdəliklərinin 0.3, balans kapitalının isə 3 faiz artdığı bildirilir.

Palatanın məlumatına görə, bank sektorunda kredit aktivliyi müşahidə olunur. Avqust ayında bankların kredit portfeli 1.2 faiz (135.9 mln. manat) artıb. Ümumilikdə cari ilin əvvəli ilə müqayisədə kredit portfeli üzrə 5 faiz (567.9 mln. manat) artım olub.

Bank sektorunun cari ilin 8 ayı ərzində 441 mln. manat əməliyyat mənfəəti, 103.8 mln. manat isə xalis mənfəət əldə etdiyi bildirilir. Ancaq mənfəət illik hesablamada xeyli azalıb.

2017-ci ilin sentyabrının əvvəlində bank sektorunun xalis mənfəəti 350 milyon manatdan artıq olub.

Azərbaycanda fəaliyyət göstərən 30 bankda işçilərin sayı 16 min. 928 nəfər təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda bir bank azalıb. Bu müddət ərzində «Dəmirbank»ın lisenziyası ləğv edilib.

İlin əvvəlindən bank işçilərinin sayı 761 nəfər artıb. İllik hesablamada isə bu göstərici 757 nəfər olub.

Hazırda ölkədə 511 bank filialı, 143 şöbə, 2 min 468 bankomat fəaliyyət göstərir.

2015-ci ildə baş verən devalvasiyalardan (manat dollar qarşısında 2 dəfə dəyər itirib) sonra, 2016-ci ildə ölkədə 10-dan çox bank, bəzi bankların isə filialları bağlanmışdı. Həmin dövr bank işçilərinin sayı kəskin azalmışdı.