17:20, 09 Noyabr 2018 (Cümə) 650

Azərbaycan İranla neft-qaz ticarətini niyə dayandırıb? – ŞƏRH

Azərbaycan İranla neft-qaz ticarətini niyə dayandırıb? – ŞƏRH
ABŞ-ın Tehrana sanksiyaları ərəfəsində Azərbaycan İranla neft-qaz ticarətini  dayandırıb. 

Bu barədə "Turan” İnformasiya Agentliyi məlumat yayıb. 

Noyabrın 5-də ABŞ İranla neft-qaz əməkdaşlığı üzrə yeni sanksiyalar tətbiq edib. 

"Bloomberg” agentliyi bildirib ki, ABŞ Yaponiya, Hindistan və Cənubi Koreya da daxil olmaqla səkkiz ölkənin İrana qarşı sanksiyaların ikinci hissəsi qüvvəyə mindikdən sonra İran neftinin alışını davam etdirməsinə razılıq verib. 

Çin bu qrupa daxildir, ancaq onunla danışıqlar davam edir. Əvəzində səkkiz ölkə İrandan neft idxalını azaltmağı vəd edib.

Azərbaycanın İranla neft-qaz ticarətini dayandırmasının ABŞ-ın sanksiyaları ilə əlaqəsi varmı? 

İqtisadçı Natiq Cəfərli Toplum.Tv-ə bildirib ki, İrana qarşı tətbiq olunan sanksiyaların Azərbaycana dolayı və birbaşa təsirləri var: "Dolayı təsirlər dünya neft bazarında yaranacaq vəziyyətlə əlaqədardır. Bir neçə həftə öncə ABŞ neft məsələləri ilə bağlı çox sərt mövqedə idi. İrandan bir damla belə neft satılmayacağını bəyan edirdi.  3 gün öncə isə qərarını dəyişdi və İrandan neft alan ölkələrə neft almağa davam etdikləri təqdirdə heç bir sanksiya tətbiq etməyəcəyini bildirdi. Bu da neft bazarına təsir göstərdi. Azərbaycan çox primitiv iqtisadi modelə malik olduğuna görə, bizə də dolayı yol ilə təsir edəcək”.  
 

İqtisadçı deyib ki, təsirlərdən biri də Azərbaycanla İran arasında müxtəlif layihələrin gerçəkləşdirilməsi və ticarət dövriyyəsi  ilə bağlıdır: "Əsas ən böyük layihə Azərbaycanın sponsorluq etdiyi və maliyyələşdirdiyi Cənub-Şimal dəmiryolu layihəsidir ki, maliyyə tərəfini Azərbaycan öz üzərinə götürmüşdü və İrana 500 milyon dollar kredit vermişdi. Sanksiyalardan dolayı o layihənin gecikməsi və ya təxirə düşməsi mümkündür. Sanksiyaların əsas qayələrindən biri də İranın ticarət dövriyyələrinin zəifləməsidir. Şimal-Cənub dəhlizi isə əksinə ticarət dövriyyəsini artıra bilər”. 

N. Cəfərli bildirib ki, Nefçalada yeni açılmış avtomobil yığım mərkəzinin işinə də təsirlər olacaq: "Həmin müəsisədə İrandan gətirilən hazır detalların quraşdırılması və bazara çıxarılması baş verir. Sanksiyalar o zavodun işinə də problem yarada bilər. Yəni yığımın dayandırılması, gecikdirilməsi mümkündür. Nöbəti məsələ Milli İran Bankının fəaliyyəti, yəni Azərbaycandakı bir filialın bağlanması və ya məhdudlaşdırılması ilə nəticələnə bilər. Qısası, dolayı təsirlər neftlə, birbaşa təsirlər isə ticarət dövriyyəsi ilə bağlıdır”.

Deputat Aydın Mirzəzadə deyib ki, Azərbaycanla İranın xüsusi münasibətləri var:
 
 
"Bu, sadəcə, qonşu ölkə münasibətləri deyil, tarixən bir dövlətin içində olmuşuq. Bizim nəinki adətlərimiz, bir çox məsələlərə baxış bucağımız da eynidir. Yəni bu baxımdan İranla olan məsələlər Azərbaycanın diqqətində olub. İranla olan məsələnin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyam. Maksimum dərəcədə İranla münasibətləri həmişə yüksək səviyyədə saxlamağa çalışırıq. İran bunu görür və qiymətləndirir”.

Gülzar N. Məmmədli
Toplum TV