16:43, 09 Oktyabr 2018 (Çərşənbə axşamı) 117

Avropa Məhkəməsi Azərbaycandan 10 şikayətə baxır

Avropa Məhkəməsi Azərbaycandan 10 şikayətə baxır
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən daha 10 şikayətlə bağlı hökumətə suallar göndərib.

Bu haqda AİHM-in məlumatında bildirilir.

Şikayətləri araşdırılanlar arasında bir neçə il əvvəl Azərbaycandan Avropaya mühacirət edən hüquq müdafiəçisi Vidadi İsgəndərli də var. O, həbs edilməsindən, saxlanma şəraitindən AİHM-ə şikayət edib. Diabet xəstəsi olan V.İsgəndərli şikayətində yazıb ki, 2011-ci ildə həbs edilərkən ikinəfərlik kamerada 7 nəfərlə birgə, havasız şəraitdə saxlanılıb, bu, onun hüquqlarını pozub. V.İsgəndərli Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə və zor tətbiq etməklə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə müdaxilə) ilə ittiham edilərək 3 il həbs cəzası almışdı. Bir il sonra isə prezidentin fərmanı ilə əfv olunmuşdu.

Nardaran olaylarına görə həbs edilənlərdən iki nəfərin - Zülfüqar Mikayılov və Elman Ağayevin də şikayətləri araşdırılır. Terrorçuluq və başqa ağır cinayətlərdə günahlandırılan Z.Mikayılov 17, E.Ağayev isə 13 il həbs cəzası alıb. Ümumilikdə ittihamları qəbul etməyən bu şəxslər də məhkəməyə qədər həbslərinin qanunsuz olduğunu, məhkəmə zamanı də metal qəfəsdə tutulduqlarını bildiriblər.

Prezident Administrasiyasının işlər idarəsinin rəhbəri olmuş Akif Muradverdiyevlə də bağlı hökumətə suallar verilib. 2011-ci ildə qaçaqmalçılıq ittihamı ilə həbs edilən, daha sonra ölkə prezidentinin əfv etdiyi A.Muradverdiyev həbsinin, evində axtarış aparılmasının qanunsuzluğundan, vəkilsiz sorğu-sual edilməsindən şikayətçidir.

Araşdırılan digər şikayətlərdə də iddia edilən hüquq pozuntuları oxşardır. Mənsur Heydərzadə polisdə 48 saatdan artıq saxlandığını, Vüqar Əliyev polisdə bir günə yaxın ac-susuz, havasız şəraitdə tutulduğunu, Nazim Ağabəyov də məhkəməyəqədər həbs edilməsinin qanunsuz olduğunu bildirib. Daşqın Mikayılov, Tural Səfərov, Məhəmməd Bağırov, Vüqar Əliyevin şikayətlərində də eyniməzmunlu pozuntulara məruz qaldıqları iddia olunur.

Avropa Məhkəməsi Azərbaycan hökumətinə Avropa Konvensiyasının 3-cü (İşgəncələrin yolverilməzliyi), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması), 8-ci (Şəxsi həyata hörmət) maddələri üzrə aydınlaşdırıcı suallar göndərib. Ancaq sualların detalları açıqlanmır.

AİHM-in məlumatlarına görə, bu məhkəmə təkcə bu ilin sentyabr - oktyabr aylarında Azərbaycandan göndərilmiş 66 şikayəti araşdırmağa başlayıb.

2017-ci ildə AİHM Azərbaycandan göndərilən 40-a yaxın şikayəti araşdırmışdı.

Azərbaycan rəsmiləri isə ölkədən AİHM-ə göndərilən şikayətlərin artması ilə bağlı tənqidləri qəbul etmirlər. Bir müddət öncə ədliyyə naziri Fikrət Məmmədov bildirmişdi ki, bir çox Avropa ölkələri ilə müqayisədə AHİM-ə Azərbaycanla bağlı daha az şikayətlər gedir.