15:30, 10 Oktyabr 2018 (Çərşənbə) 316

AŞPA Rusiyaya səsvermə hüququnu qaytarmadı

AŞPA Rusiyaya səsvermə hüququnu qaytarmadı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Rusiya nümayəndə heyətinin səlahiyyətinə dair hesabata baxılmasını ertələməsi qurumun bacarıqsızlığını göstərir. Bunu Rusiya Dövlət Dumasının vitse- spikeri Pyotr Tosltoy dünən – oktyabrın 9-da deyib.

AŞPA mətbuat xidmətinin dünən yaydığı məlumata görə, qurum reqlamentin dəyişdirilməsi barədə qətnaməni profil komitəsinə qaytarıb. 99 deputat bu qərarı dəstəkləyib, 79 nəfər əleyhinə səs verib, 16 deputat bitərəf qalıb. Qətnamənin keçməsi Rusiyanın Assambleya sessiyalarına qatıla bilməsinə imkan yaradacaqdı.

Qətnamə layihəsində qeyd olunmasa da, onun qəbulu Rusiyanın AŞPA-nın yanvar sessiyasına qayıda biləcəyi demək idi.

Rusiya 2014-cü ilin aprelində Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra AŞPA onu səsvermə hüququndan məhrum edib. Moskva həmçinin assambleyanın rəhbər strukturlarında, eləcə də seçkilərin müşahidəsində iştirakdan məhrum olunub.