14:20, 10 Yanvar 2019 (Cümə axşamı) 306

Apelyasiya Məhkəməsi fəalların şikayətini təmin etməyib

Apelyasiya Məhkəməsi fəalların şikayətini təmin etməyib
Yanvarın 10-da Bakı Apelyasiya Məhkəməsində Mete Türksoy, Qoşqar Əhmədov və İsmayıl Nadirlinin şikayətlərinə baxılıb.

Mete Türksoy İnzibati Xətalar Məcəlləsinin (İXM) 513.1 (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında”) maddəsi ilə ittiham edilirdi.

Mete Türksoyun şikayətinə hakim Faiq Qasımov baxıb və 25 sutka inzibati cəzanı qüvvədə saxlaylb.

Qoşqar Əhmədovun şikayətinə hakim Qədim Babayev baxıb və 20 sutka inzibati cəzanı qüvvədə saxlayıb.

Hakim İlqar Murquzov da İsmayıl Nadirlinin 20 sutka həbs cəzasını qüvvədə saxlayıb.

Qoşqar Əhmədovla Qədim Babayev İXM-nin 513.2 (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddəsi ilə həbs ediliblər.

Yanvarın 6-da bir qrup gənc bloger Mehman Hüseynovun və digər məhbusların azad edilməsi məqsədilə Bakı Apelyasiya Məhkəməsinin qarşısında piket keçirməyə cəhd edib.

Aksiya təşkilatçılarından Mete Türksoy Meydan TV-yə deyib ki, onların məqsədi daxili və xarici ictimaiyyəti Azərbaycanda siyasi məhbus probleminə yönləndirməkdir.

Bundan əvvəl bir qrup ictimai fəal da Mehman Hüseynova dəstək məqsədi ilə aksiya keçirib. İştirakçıların 8 nəfəri məhkəmə tərəfindən inzibati həbsə və pul cəriməsinə məruz qalıblar.

Mehman Hüseynov aclıq aksiyası keçirir. Buna səbəb haqqında başlanmış yeni cinayət işidir. Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb. 

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.

Meydan Tv